Azərbaycan Francayzinq Assosiyası İctimai Birliyinin İdarə Heyətinin ilk iclası keçirilib

10 Oktyabr 2022 - 11:11

Azərbaycan Francayzinq Assosiyası İctimai Birliyinin İdarə Heyətinin ilk iclası keçirilib

Azərbaycan Francayzinq Assosiyası İctimai Birliyinin İdarə Heyətinin ilk iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AFA sədri Camid Mövsümov iclas iştirakçılarını salamlayıb. Daha sonra AFA müşaviri Doğan Tomris çıxış edərək AFA-ya üzvlük prosesi və yeni üzvlük təklifləri barədə ətraflı məlumat verib. AFA müşaviri Rüfət Dadaşov əlaqə qurulan beynəlxalq və yerli investorlar, yeni investorların axtarışı haqqında ətraflı məlumat verib.

İclasda bir sıra qərarlar qəbul edilmişdir:

İclasda AFA İdarə Heyəti ilkin tərkibi təsdiqlənmiş və aidiyyatı üzrə Komissiyaların fəaliyyətə başlaması planlanmışdır.  

Türkiyə Cumhuriyyətində oktyabr ayının 27-30 tarixlərində baş tutacaq “Bayim Olurmusun” beynəlxalq sərgisində AFA-nın xüsusi stendlə yer alması qərarlaşdırılmışdır.

İclasın yekununda AFA sədri Camid Mövsümov müzakirə olunan mövzulara toxunub, biznes analitikası məsələləri üçün xüsusi komissiyanın yaradılmasına olan ehtiyacı qeyd edib. O, AFA fəaliyyətinə dəstək olanlara öz təşəkkürlərini ifadə edib və ölkəni beynəlxalq miqyasda uğurla təmsil etmək istiqamətində davamlı olaraq səy göstərəcəklərini bildirib. Tədbirin sonunda xatirə fotosu çəkilib.
 
AFA, əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə  uyğun olaraq qeydiyyata alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri hökumət təşkilatıdır.

AFA-nın əsas fəaliyyət istiqamətləri sırasına ölkəmizdə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsi və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.